Günəşdəki yeni ləkələr əlavə maqnit qasırğasına səbəb ola bilər (XƏBƏRDARLIQ)

1508937075_2
“Bəzi hallarda Günəş ləkələrinin yaxınlığında alışma və bundan sonra plazma kütləsinin atılması halları qeydə alınır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib. O, atılan kütlənin Günəş sistemindəki bütün planetlərə, o cümlədən yerə doğru yönələ biləcəyini qeyd edib: “Bu geoeffekt tamamilə yerə doğru yönəlsə, geomaqnit həyəcanlaşması və qasırğasından danışmaq olar”.
Onun sözlərinə görə, bir neçə gün əvvələdək günəşin səthində ləkələr müşahidə olunmayıb. Artıq bu ləkələrin də yarandığını deyən E.Babayev qeyd edib ki, onların sayı hazırda 23-ə bərabərdir, iki aktiv regionda birləşib: “Bu ləkələrdən hər hansı bir Günəş alışması baş verərsə, Günəş fırlanması səbəbindən onlardan olan effektlər də yerə birbaşa təsir göstərəcək. Günəşlə yer arasındakı məsafə 150 milyon km-ə yaxındır. Plazma kütlələri və həyəcanlaşmanın yerə çatması üçün vaxt lazımdır. Normal halda bu, üç günə, ən yüksək sürətdə isə 17-19 saata yerə gəlib çata bilər. Bu vaxtın kifayət qədər böyük olması imkan verir ki, texnoloji və bioloji sistemlər üçün hansısa qabaqlayıcı tədbirlər görülsün. Texnoloji təsirlərə gəlincə, burada yerətrafı fəzada fəaliyyət göstərən peyklər kommunikasiya və digər vasitələrə təsir edə bilər. Yer üzərində isə uzun məsafələrə malik neft, qaz və elektrik nəqli sistemlərinə təsir etməsi mümkündür”.
E. Babayev qeyd edib ki, bu qasırğaların insanlara təsir kateqoriyasını ayırmaq lazımdır: “Nisbətən sağlam insanlarda bu, özünü tamam başqa cür göstərir və onlarda gümrahlıq effekti yaradır. Lakin xroniki xəstələrə, xüsusilə ürək qan-damar sisteminin xəstəliklərinə məruz qalan insanlarda artmış diskomfort halında özünü büruzə verir. Müəyyən hallarda yaşlı və azyaşlılarda diskomfort hallarına da rast gəlmək mümkündür. Bunlar təşvişə səbəb olmamalıdır. Çünki insan kosmik havanın bu cür şıltaqlığına adaptasiya olunub. Proseslərdən qorunmaq üçün istirahət lazımdır. Həmin vaxt psixoloji və fiziki yüklənməni azaltmaq məsləhətlidir. Yataq rejimi bu narahatlığın xilas yolu deyil. Sadəcə “baş qatmaq” lazımdır. Risk qrupuna daxil olan insanlar mütləq öz həkimləri ilə məsləhətləşib qabaqlayıcı tədbirlər görməlidir”.

 

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev