İcra başçısının qəbulunda dəhşətli hadisə – FOTO/VİDEO

245172
Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli hadisə yaşanıb. Qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş verənlərin şahidi olub.
İcra başçısı ilə görüşməyə gələn onlarla vətəndaş səhər saatlarından İcra Hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər. Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar icra başçısından onları qəbul etməsini tələb ediblər.
Saytın əməkdaşını mətbuat nümayəndəsi olaraq icra başçısı Adil Vəliyev şəxsən özü müsahibə üçün dəvət etsə də, saatlarla gözləməyə baxmayaraq başçı onları qəbul etməyib. Lakin orada yaşananlar icra başçısının fəaliyyətini o qədər aşkar göstərib ki, müsahibəyə ehtiyac belə qalmayıb. 
Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər.
İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev musavat.com-un kamerası önündə huşunu itirərək yerə yıxılıb. Vətəndaşların ilkin yardım göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım  göstərilib. Gəncin anası Mətanət Ağayeva  deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə qazanıb və hərbi xidmətini yerinə yetirərkən, mina partlaması  nəticəsində “kantuziya” alıb, başında  şiş yaranıb. Əsəb və  narahatlıq  keçirdikdə isə, gəncdə ürəkgetmə halları baş verir”.
31 yaşlı Tağı Ağayev əlilliyinə görə, 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna bənzər hadisələr gəlir.
Sizə çatdırdığımız, bu şikayətçilərdən yalnız birinin problemidir. Digərləri də buna bənzər problemlərdən əziyyət çəkən şəxslərdir ki, ümid yeri kimi icra başçısının qəbuluna düşməyə çalışırlar.
Lakin icra nümayəndələri vətəndaşları “10 dəqiqə sonra qəbul edəcək” , “15 dəqiqə sonra qəbul edəcək” deyib günlərlə aldadırlar. Biz qəbulda olarkən də vətəndaşların gözlədiyi halda, icra başçısının arxa qapıdan çıxıb getdiyinin şahidi olduq. Vətəndaşlar isə icra başçısı əvəzinə, problemlərini musavat.com-un kamerasına danışıblar.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev