Stalin Daşkəsəndə yaşayır.

404834330

Daşkəsəndə qəbiristanlıq yoxdur. Burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir. Səbəbi isə ilgincdir…

İlk dəfə bu məlumatı eşidəndə açığı çox təəccübləndim. Necə ola bilər ki, onminlərlə əhalisi olan bir şəhərdə qəbiristanlıq olmaya? Bu xəbərin ardınca getdiyim yerə çatanda isə, artıq heç bir təəccübüm qalmadı. Hətta bura hansı səbəbdən gəlməyim belə, yaddan çıxdı.

Buna səbəb isə, qarşımda açılan əsrarəngiz mənzərə və buranın gördüyüm yerlər içində ən qeyri-adisi olması idi. Qısası, bura Daşkəsəndir. Azərbaycanda ən yüksəkdə ərazidə yerləşən rayon məkəzlərindən biri.

Şəhər insanda dünyanın ən yüksək yeri olması təsəvvürü yaradır. Hündür dağlar üzərində göyə ucalan rəngarəng binalar isə Daşkəsənə xüsusi bir əzəmət verir. Şəhərin girişində, külüngünü göyə qaldıraraq dayanan Fərhad heykəli, sanki Daşkəsəni bəd niyyətlərdən qoruyur.

Doğrusu, məkanın təsirindən çıxıb özümə gələndə isə, ilk ağlıma gələn — “bəlkə də burada ölən olmur deyə, qəbirsanlıq da yoxdur” fikri oldu. Lakin şəhərin girişi də qarşıma çıxan Şəhidlər Xiyabanı bu firki yarıda qoydu. Demək, Əzrayıl nə qədər unutmuş yer olsa da, ermənilərin təcavüzü nəticəsində, vətənimizin istənilən bölgəsi şəhadətdən öz “payına düşəni” alıb.

Daşkəsəndə yas mərasimində olarkən şahidi olduğu bir hadisə yadıma düşdü. Mərasimdə, kişili-qadınlı, cavanlı-qocalı hər kəs mollaya yaxınlaşıb pul verərək, şəhidlərimizin, xüsusilə rayon şəhidlərinin ruhuna “Yasin” oxutduğu barədə danışmışdı bir qohumum. Bu hadisə daşkəsənliərin şəhidlərə hörmətinin digər bölgələrə də örnək olası bir təcəssümüdür, zənnimcə.

  • Daşkəsən şəhərinin girişi
  • Qoşqar dağı
  • Şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir
  • Daşkəsən şəhərinin mərkəzi meydanı
  • Daşkəsəndən bir mənzərə
  • Şəhidlər xıyabanı
Daşkəsən şəhərinin girişi

Şəhərə hələ girməmiş yol üzərində polis şöbəsinin yerləşməsi də təəccübümə səbəb oldu. Lakin sakinlərlə söhbətdən məlum oldu ki, şəhərin bir girişi olduğu kimi çıxışı da birdir. Yəni şəhərə girən hara gedirsə getsin, yenə qayıdıb bu yoldan çıxmalıdır. Yerlilərin isə bir-birinə pislik etmək kimi bir fikri yoxdur, deyir daşkəsənlilər. Mərkəzi Heydər Əliyev prospekti ilə irəlilədikcə, növbə ilə avtovağzal, bazar, sonra isə, xəritədə ana yolun ətrafında salxım söyüdü xatırladan şəhər gəlir.

Qayıdaq əsas məsələyə. Söhbətləşdiyim sadə daşkəsənlilər gəlişimin səbəbilə bağlı müxtəlif fikirlər söylədilər. Məlum oldu ki, nəinki Daşkəsən, həmçinin ətraf bir neçə qəsəbədə də qəbiristanlıq yoxdur. “Bəs ölüləri harda dəfn edirsiniz?” sualına belə cavab aldım ki, burada dünyasını dəyişənlərin böyük əksəriyyəti, 40 km məsafə qət edilərək, Gəncə şəhərində dəfn edilir, digər qismi də ətraf kəndlərdə.

Daşkəsənlilərin bəziləri məsələnin heç fərqinə varmayıblar, bunun sanki, bir yazılmamış qanun olduğunu düşünürlər. Ümumilikdə, sakinlərlə söhbətdə məlum oldu ki, daşkəsənlilər Gəncəyə ikinci doğma şəhərləri kimi baxırlar. Hətta buradakı insanların bir qisminin Gəncədə evləri də var.

Məsələ ilə bağlı rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Bəlli oldu ki, rayon mərkəzi və yaxın ətrafında qəbiristanlıq kimi istifadə etmək üçün torpaq sahəsi yoxdur.

Belə ki, ərazi nazik torpaq qatı ilə örtülü qayalıq sahədir. Burada isə qəbir qazılması yalnız bir neçə xüsusi texnika vasitəsilə mümkündür. Müəyyən kəndlərdə qəbiristanlıq olsa da, oralar çətin çıxılan dağlıq ərazidə olduğundan, əhali ölülərini dəfn etmək üçün uzaq olsa da, daha rahat olan Gəncəyə üz tutur.

Şəhərdə olarkən diqqətimi çəkən başqa bir məqam da oldu. Belə ki, nə qədər çətin relyefinin olmasına baxmayaraq, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində qızğın iş gedir. Bu da təbii ki, sakinlər qədər məni də sevindirdi…

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Dovrunnabzi.az İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev