Ağcabədinin Müəllimlər İnstitutunda korrupsiya yolları

1359455079_acabdis

Mətanət Fərzəliyeva rüşvətsiz qiymət yazılmasına imkan vermir Təəssüflər olsun ki, bu gün hələ də ölkənin bir çox ali və orta tədris müəssisələrində mütərəqqi islahatların gerçəkləşməsini əngəlləyən kadrlara kifayət qədər çox rast gəlinir. Bu kadrların fəaliyyəti yalnız şəxsi mənafeylərinin təminatına yönəldiyindən onların rəhbərlik etdikləri müəssisə və idarələrin də işi çoxsaylı korrupsiya və rüşvətxorluq faktlarının mövcudluğu ilə xarakterizə olunur. Fəaliyyətində bu kimi problemlərin xüsusilə qabarıq formada müşahidə olunduğu ali tədris müəssisələrindən biri də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Ağcabədi filialıdır. Məlum olduğu kimi bir müddət bundan əvvəl Müəllimlər İnstitunun Ağcabədi filialının direktoru Xaqani Məmmədov vəzifəsindən alınaraq, yerinə tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyeva təyin olunub. Qəribədir ki, Mətanət xanım bu təiynatı almamışdan bir qədər əvvəl rüşvət aldığına görə İnstitutdan xaric olunub və sonradan məhkəmə qərarı ilə işinə bərpa olmağı bacarıb. Bu gün isə redaksiyamıxa daxil olan şikayət məktublarında AMİ-nin Ağcabədi filialında yer almış neqativ hallar, filialın direktoru Mətanət Fərzəliyevanın işindəki ciddi nöqsanlar barədə məlumatlar öz əksini tapmışlar. Həmin məlumatlarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunur. Bildirilir ki, hal-hazırda gedən yay imtahan sessiyası ilə bağlı bu ali təhsil ocağında növbəti gərginlik yaşanmaqdadır. Səbəb isə budur ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor müəllimləri də olduqca pis vəziyyətdə qoyub. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Lakin bu amili Mətanət Fərzəliyeva qətiyyən hesaba almır. Onun “demokratik” qaydalarına əsasən tələbələr arasında ayrı-seçkilik qoyulmamalıdır və pul hamıdan yığılmalıdır. Məlumatlara görə yığıma və göstərişinin dəqiq yerinə yetirilməsinə nəzarəti də direktor bilavasitə özü həyata keçirir. Bu məqsədlə imtahanlarda şəxsən iştirak edən Mətanət xanım adı pul verənlər siyahısına düşməmiş tələbələrin “kəsilməsinə” nəzarət edir. Birmənalı olaraq demək lazımdır ki, dövlətimizin və xalqımızın gələcək elmi, iqtisadi, mədəni, hərbi potensialının daşıyıcıları olan gənclərimizin hələ təhsil prosesi zamanından saxtakarlığa, korrupsiyaya alışdırılması ölkənin gələcəyinə qarşı yönəldilmiş əsil cinayət kimi qiymətləndirilməlidir. Ölkənin təhsil sistemində mövcud olan problemlər, bu problemlərin həlli məqsədilə nəzərdə tutulmuş əsaslı dövlət islahatları və bu islahatlar çərçivəsində həyata keçirilən çoxmərhələli tədbirlər planı bu gün ictimaiyyətin diqqət mərkəzində saxlanılan ən aktual məsələlərdəndir. Müasir dünyamızda təhsil hər bir xalqın gələcək müqəddəratını həll edəcək əsas amillərdən biri kimi çıxış edir. Məhz bu səbəbdən də Azərbaycanda təhsil sisteminin inkişaf etdirilərək qabaqcıl dünya standartları səviyyəsinə çıxarılması həm də dövlətimizin daima diqqət mərkəzində saxladığı prioritet məsələlərən biridir. Bu baxımdan xüsusi olaraq qeyd etməliyik ki, Bakıda fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə xanım Naxçıvanlının geniş ictimaiyyətə də məlum olan prinsipiallığı, neqativ hallara qarşı barışmaz mövqeyi və həyata keçirdiyi qüsursuz elmi-tədris fəaliyyəti fonunda institutun Ağcabədi filialında vəziyyətin belə bərbad durumda olması heç bir məntiqə sığmır.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev