Beyləqanda Oqtay Hacıyevin maliyyə və siyasət maxinasiyaları

1400973264_beyleqan2

Rayon maliyyə idarəsinin rəsi illərin korrupsiyasından “müxalifətçi” cildi ilə yaxa qurtarmaq istəyir

Son vaxtlar hakimiyyətin müxalif düşərgəyə qarşı böhtan və təxribat kampaniyası xüsusilə aktivləşib. Daxili və xarici siyasətdəki uğursuzluqların artıq sadə vətəndaşın sosial həyatından tutmuş, dövlətimizin geopolitik durumuna qədər hiss olunduğunu görən iqtidar alternativ vasitələrə əl atır və ictimai rəyi azdırmaq üçün ən müxtəlif vasitələrə əl atır. Bununla bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.

Samir Şərifovun adamı necə müsavatçı çıxdı?

Redaksiyamıza daxil olan məlumata görə müxalifət əleyhinə planlar işləyib hazırlayan hakimiyyət inistutları yeni üsula əl atıblar. Yeni ssenariyə əsasən nə qədər qəribə olsa da ölkə boyu tüğyan edən korrupsiya müxalifətə sırınmalıdır. Belə ki, “antikorrupsiya toru”na düşən xırda məmurlara azadlıqlarını satın almaq müqabilində müxalifətçi olmalarını “etiraf etmək” təklif olunur. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə artıq bir neçə belə razılaşma da mövcuddur. Mənbəmiz konkret olaraq Beyləqan rayon maliyyə idarəsinin rəisi Oqtay Hacıyevlə bağlı məlum planın qurulduğunu bildirdi. Xatırladaq ki, bir müddət öncə bir çox informasiya portallarında O.Hacıyevin Müsavat partiyasının üzvü olması, hətta partiya Başqani İsa Qəmbərə maliyyə yardımı göstərməsi haqda məlumatlar yayılmışdı. Həmin məlumatlara toxunan və O.Hacıyevi yaxından tanıyan mənbəmiz əslində həqiqətin fərqli olduğunu bildirdi: “Gerçəyə qalsa Oqtay Hacıyev Müsavat partiyasının deyil AXC-nin üzvü olub və doğurdan da o, ilk vəzifəni AXC hakimiyyəti dövründə alıb. Rayonda avtoservis rəhbəri postunu tutmasında Müsavat Başqanı ilə münasibətlərin hansı rol oynadığını deyə bilmərəm, amma O.Hacıyev sonrakı vəzifə yüksəlişini hakimiyyətin bəlli prinsiplərinə, yəni “yuxarı”ları razı salaraq qazanıb.”

Mənbəmiz indiki anda O.Hacıyevin adının müxalifətlə bağlanmasının onun durumu ilə əlaqəli olduğunu bildirdi: “Beyləqan rayon maliyyə idarəsində baş verən maxinasiyalar bu şəxs üçün hüquqi məsuliyyət yaradır. Məsuliyyətdən yaxa qurtarmaq, daha doğrusu həbsdən yayınmaq üçün ola bilsin ki, O.Hacıyevin müxalifətçi kimi “ifşası” nəzərdə tutulub.” O. Hacıyevin hüquqi durumu, yəni onun məsuliyyətə cəlb olunması məsələsinə keçməzdən öncə bu şəxsə bağlı korrupsiya və maliyyə maxinasiyalarının bəzi detallarına nəzər yetirək.

Oqtay Hacıyevin maliyyə maxinasiyaları

Məlumat üçün bildirək ki, Maliyyə Nazirliyinin tabeliyində olan rayon maliyyə idarələrinin əsas vəzifəsi büdcədən maliyyələşən yerli təşkilatları “Dövlət büdcəsi haqqında” Qanunun müvafiq maddələrində göstərildiyi kimi, üç ildən bir təftiş etməkdir. Bu idarələr əyalətlərdə fəaliyyət göstərən və büdcədən maliyyə dəstəyi alan qurumların həmin vəsaitləri necə və hansı işlərə sərf etməsini araşdırır. Hansısa neqativ hallar və maxinasiya faktlarının aşkara çıxarılmasında onların üzərinə böyük məsuliyyət düşür.

Son saylarımızda müxtəlif maliyyə və xəzinədarlıq idarələrində mövcud olan problemlərlə bağlı faktları yazmışıq. Amma bu, hələ problemlərin tam şəkildə yoluna qoyulması anlamına gəlmir. Ölkənin müxtəlif bölgələrində maliyyə idarələrinin işi qənaətbəxş deyil. Bunlardan biri də Beyləqan rayonudur. Beyləqan rayon Maliyyə İdarəsinin rəisi Oqtay Hacıyevin öz işinin öhdəsindən layiqincə gələ bilməməsi vətəndaşlar arasında ona olan bütün ümidlərin üstündən xətt çəkib. Məlum olduğu kimi, yerli maliyyə idarələri təhkim olunduqları rayonun növbəti il üçün xərcləri və gəlirləri barədə məlumat verərək, işlərini başa vururlar. Növbəti aylarda həyata keçirilən sonrakı mərhələlərdə isə əsas işi Maliyyə Nazirliyi həyata keçirir. Məhz bu məqamda bəzi maliyyə idarələri nazirliyin müəyyən əməkdaşları ilə şübhəli razılıq əldə edərək əlavə pul vəsaitləri əldə etmək imkanına malik olurlar. Necə deyərlər, aşkar korrupsiya sövdələşmələri baş tutur, necə ki, Beyləqan Maliyyə İdarəsinin rəhbəri də belə edir. Rayondakı mənbələrin sözlərinə görə, Oqtay Hacıyevin fəaliyyəti də bu kimi sövdələşmələrlə çox zəngindir: “Xidmətin fəaliyyəti məhz bu kimi halların aşkar olunması istiqamətinə yönləndirilir. Korrupsiya əməllərinə yol verən idarə rəhbərləri Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətini əngəlləməkdə birbaşa maraqlıdırlar. Rayonda büdcədən maliyyələşən təşkilatların yoxlanmasında qanun pozuntularına yol verilir”. Mənbə vurğulayır ki, idarənin rəhbər işçiləri maliyyə intizamına ciddi riayət etmirlər. Rayonda uçot işləri təlimata uyğun qurulmur. Milli mühasibat uçotu standartları və yeni hesab planı üzrə təlimatlar büdcə təşkilatlarına çox gec paylanılıb. Təftiş və yoxlamalar zamanı bəzi idarələrdə nöqsanlar aşkar edilir. Həmin qurumların rəhbəri ilə danışıqlar aparan idarə müdiri həmin çatışmazlıqları görməzdən gəlir. İdarəyə yığılan pullar büdcə təsnifatına uyğun xərclənmir.

“Mədəni korrupsiya”

Beyləqandan redaksiyamıza daxil olan məlumata görə maliyyə idarəsinin dəstəyi ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev korrupsiya bazarında sözün əsl mənasında “qaz vurub qazan” doldurur. Daxil olan məlumatda göstərilir ki, hazırda rayonun ən korrupsiyalaşmış büdcə təşkilatı olan Mədəniyyət və Turizm şöbəsi bir neçə məmurun əlində cəmləşib. Və həmin məmurlar bu şöbə vasitəsi ilə külli miqdarda vəsait silirlər. Məlumata əsasən Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 19 mədəniyyət evi, 17 kənd klubu, 1 şəhər, 35 kənd kitabxanası, 1 musiqi məktəbi, 2 muzey, 2 mərkəz fəaliyyət göstərir və şöbədə 370-dən artıq işçi çalışmaqdadır. Qeyd olunur ki, idarə müdirinin mədəniyyət evlərinin və klubların adına yazılan “ölü” canların adına verilən əmək haqqını baş mühasib vasitəsi ilə hər ay gizli şəkildə bankdan çıxardır. Bildirilir ki, Nazim Mirzəyev «ölü can»ların adına yazdığı maaşların hesabına ayda ən azı 7000 min manata yaxın təmiz qazanc əldə edir. Məlumatda qeyd olunur ki, Nazim Mirzəyev son 1 ildə formal olaraq fəaliyyət göstərən mədəniyyət evlərinin, klubların cari təmirinə 100 min manata yaxın vəsait silib. Bu vəsait ayrılama və silmə əməliyyatında sözsüz ki, rayon maliyyə idarəsinin müdiri Oqtay Hacıyevin “əməyi” danılmazdır. Çünki adı olub özü olmayan klubların, mədəniyyət evlərinin, kitabxanaların cari təmiri üçün ayrılan vəsaitlərin 15 faizinin məhz Oktay Hacıyevə çatdığı iddia olunur.

Daxil olan məlumata əsasən Nazim Mirzəyevlə Oktay Hacıyevin maliyyə maxinasiyalarından biri də olmayan klublara, mədəniyyət evlərinə və kitabxanalara qış ayları üçün odun yanacağının alınmasıdır. Belə ki, ancaq sənədlərdə fəaliyyət göstərən Beyləqan «mədəniyyət ocaqlarına» ötən il 35 min manat vəsait «odun» sənədləşdirib. Bu isə göründüyü kimi birbaşa maxinasiyadır.

 

Həbs təhlükəsi

Nəhayət O.Hacıyevin bu əməllərinə verilən hüquqi qiymət məsələsinə qayıdaq. Mənbəmizin sözlərinə görə Beyləqanda ciddi maliyyə yeyintiləri var və bu yeyeintilərlə bağlı cinayət işinin açılması gözlənilir. Məlumat verən mənbə bildirir ki, əyalətlərdən gələn şikayətlər arasında ən çox şikayətlərdən biri Beyləqan rayonundan və icra başçısı Vaqif Abdullayevdən olduğuna görə Beyləqanda geniş çaplı yoxlamaların aparılmasına strart verilib. Həmin yoxlamalar nəticəsində isə başda maliyyə şöbəsinin müdiri Oqtay Hacıyev olmaqla bir çoxlarının həbs olunması istisna olunmur. 
Məlumata əsasən hələ ötən il rayonda həm Baş Prokuruorluq yanında Korrupsiya İdarəsinin konkret şikayətə əsasən apardığı yoxlama əsasında, həm Hesablama Palatasının apardığı yoxlamalar əsasında külli miqdarda yeyintiyə görə Rayon Maliyyə Şöbəsinin müdiri Oqtay Hacıyev və rayon İcra Hakimiyyətinin məsul şəxsləri barədə cinayət işinin açılır. Bildirilir ki, son iki il müddətində büdcədən ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsinə görə rayonda böyük mənimsəmə halları aşkarlanıb. Bu mənimsəmə hallarında isə Beyləqan Maliyyə şöbəsinin müdiri Oqtay Hacıyev birbaşa iştiakçı olub.
Qeyd edək ki, son bir il müddətində Beyləqandakı mənimsəmə və korrupsiya faktları ilə bağlı ölkə mətbuatında davamlı olaraq məlumatlar dərc olunub. Demək olar ki, Beyləqan rayonuna ayrılan bütün tenderləri icra başçısına bağlı olan firmalar və fiziki şəxslər qazanıb. Ayrılan vəsaitlər isə sadəcə mənimsənilib.

 

 Şahin Turan

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev