Asif Ata: “SƏNƏT VƏ KƏŞF” (Ədəbi-tənqidi fraqmentlər)

10015658_458189987644646_156798844766754744_n

Ürəyinizdə Günəş olsun, sayğılı oxucular!

Asif Atanın “Qutsal Onluq”unu (13 cilddə sistemləşdirilmiş kitablarını) Göylü Atalı Ocaq İlsırasının 30-ilində (2008), latın əsaslı Azərbaycan qrafikası ilə bilgisayarda yazıb Ocağa təhvil vermişdir. Ocaq isə bu kitabların üzünü artırıb yaymağa başlamışdır.

İndi isə Göylü Atalı Asif Atanın ədəbi-tənqid yönlü əsərlərindən ibarət olan “İnam və Şübhə” kitabını yazıb oxuculara təqdim eləməyə hazırlayır. Kitabın “Məcnunluq”, “Koroğlular və Həmzələr”, “Xaqanilik”, “Nəsimilik”  adlı əsərləri artıq elektron və yazılı mətbuata təqdim edilmişdir. Hesab edirik ki, ədəbi-tənqidin təxminən sıradan çıxdığı bir zamanda bu əsərlərin ciddi etkisi olacaqdır.

Qeyd edək ki, Asif Atanın “İnam və Şübhə” kitabı 1988-ci ildə “Yazıçı” nəşriyyatı tərəfindən Asif Əfəndiyev imzası ilə çap edilmişdir.

 

 

Asif Ata

(Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası

Asif Ata (İnam Ata))

 

 

SƏNƏT VƏ KƏŞF

(Ədəbi-tənqidi fraqmentlər)

 

  1. I.       KƏŞFLƏR ALƏ

 

Sənət kəşflər, bədii tapıntılar, ixtiralar aləmidir. Kəşf olmayan yerdə sənət yoxdur. Bədii həqiqət həyatı sadəcə təsvir etməklə deyil, onun daxili qanunauyğunluqlarını kəşf etmək vasitəsiylə yaranır. Digər tərəfdən, həyatda adi görünən bir hadisə sənətdə qeyri-adi məna kəsb edir. Sənət, həyat axını içərisində seçilməyən, fərqlənməyən hadisələrin daxili imkanlarını ifadə edir, beləliklə, o bu hadisələri yenidən kəşf edir, ona qarşı yeni münasibət yaradır.

Sənət – həyata yeni nöqteyi-nəzərdən, yəni estetik baxımdan yanaşmaq deməkdir. Ona görə də o, həyat hadisələrinin estetik xassələrini – gözəlliyini, ülviliyini, faciəviliyini, eybəcərliyini,

komikliyini kəşf edir. Bu səbəbdən də sənətin inkişafı – estetik münasibət dairəsinin daim genişlənməsi, insanın həyat haqqında estetik biliyinin daim zənginləşməsi və kamilləşməsi ilə nəticələnir.

Sənət həm də bir-birindən fərqlənən, müxtəlif mənalı, müxtəlif biçimli, müxtəlif üslublu sənətkarları kəşf edir. Sənətdə həyat hadisələri müxtəlif qanunlar əsasında nizama salınır, tədqiq, təsdiq, yaxud inkar edilir. Eyni bir həyat, dövr müxtəlif şəkildə, müxtəlif səpkidə təzahür edir. Beləliklə də, sənətdə L.Tolstoy, F.Dostoyevski, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, Mussorqski, Şişkin və Levitan aləmləri yaranır.

Sənət həyatdakı gözəlliyin sadəcə vəsfi və eybəcərliyin sadəcə tənqididirmi?

Xeyr, gözəlliyin daha yüksək, daha kamil səviyyəyə qaldırılması, eybəcərliyin daha bariz şəkildə meydana çıxması, inkarıdır. Həyatda Hamlet, Otello, Peçorin, Kefli İsgəndər olmamışdır. Həyatda Hamletlərin, Peçorinlərin, Otelloların prototipləri olmuşlar. Onlardan Hamlet, Peçorin, Otello, İsgəndər surətləri yaradan sənətkar idealı, təxəyyülü və şəxsiyyətin qüdrəti olmuşdur.

Həyatda bəlkə də minlərlə balaca Faustlar olmuşdur. Lakin böyük və ölməz Faustu yalnız Höte yarada bilərdi.

Əsil sənətkar bir dünyadır. Bu dünyanın öz qütbləri, iqlimi, dağları, çayları, çəmənləri var.

Kamil təfəkkür və ülvi duyğular dünyası – Füzuli!

Böyük niyyətlər və coşğun ehtiraslar dünyası – Nəsimi!

Xalq taleyinin kədər, ümid və mübarizə dünyası – Mirzə Cəlil!

Sənətdə kəşf böyük və kiçik ola bilər. Burada biz Tolstoy kəşflər silsiləsi ilə yanaşı, Pisemski kəşfinə, Puşkin kəşflər aləmi ilə yanaşı Baratınski kəşfinə, Şopen kəşflər sistemi ilə yanaşı Ogunski kəşfinə rast gələ bilərik.

Lakin kəşfsiz sənət – meyvəsiz ağacdır.

Kəşfsiz sənətkar silahsız əsgər, alətsiz musiqiçi kimi bir şeydir.

  1. II.    CAHANDAR AĞA VƏ ONUN FACİƏSİ

 

İnsan müəyyən vaxt öz fəaliyyətinin mənasını dərk etməz, azad, firavan, rahat bir həyat sürər. İstədiyini eləyər. Gözünə xoş görünən özgə arvadını tərkinə aşırıb, evinə gətirər. Vicdan əzabı çəkməz. Bunu adi hal hesab edər. Yaşayar.

İnsan başqasının namusuna qəsd edər, lakin öz namusunun keşiyində möhkəm durar, tüfəngi rəqibinin sinəsinə boşaldar. Düşünməz, daşınmaz, yaşayar.

Kişi qeyrətini hər şeydən yüksək tutan insan, quyruğu kəsik atın belinə qalxmaz, ürək ağrısıyla, göz yaşıyla onunla vidalaşar. Ağasının tüfəngindən çıxan güllə atı yerə sərər, Kürün dalğaları onu ağuşuna alar və udar.

Qüdrətli insan çətin ayaqda çar kazaklarının qabağına çıxmaqdan çəkinməz və bu anda camaatın havadarına, xilaskarına, el namusunun müdafiəçisinə çevrilər. İnsan az savadlı olar, lakin oğlunu kənddə birincilər sırasında Qori seminariyasına göndərər.

İnsan uzun bir dövr, zəkanın tələbindən daha çox, instinktin hökmünə əməl edər, öz çılğın hisslərini açıq şəkildə büruzə verməkdən çəkinməz, şəxsiyyətini nəyin bahasına olursa-olsun təsdiq edər.

Bu nöqteyi-nəzərdən onun insani mahiyyəti bəhs etdiyimiz əsərdə Dəli Kür timsalında ifadə olunmuş bir həyat tərzinin əksi kimi meydana çıxır. Dəli Kür, yəni ipə-sapa gəlməyən, cilovu gəmirib qıran Kür. Hiddəti böyük, sakitliyi aldadıcı, qəzəbi qorxunc, xisləti coşğun, nərəsi heybətli Kür!

Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyirin, “nəzakətli” bəd əməlliyin, pambıqla baş kəsməyin, az ölçüb çox biçməyin antipodu dəli Cahandar.

O, düşməni Allahyarı qəfildən, yaxud diplomatik üsulla yox, qabaq-qabağa döyüşdə məhv edir. Şahnigarı öldürməklə öz kişi namusunu təsdiq edir. Bu səhnə nə qədər ağır, məşəqqətli bir səhnə olsa da, biz burada qatili yox, özü öz bağrını yaran, ürəyini qoparan bir adamın faciəsini görürük.

Başqa bir kişinin arvadı olan Mələyi qaçırmaqla biz Cahandar ağanı ittiham etmək istədikdə, hiddətimiz tez soyuyub gedir. Çünki məlum olur ki, Mələk əvvəlki ərini sevmirmiş.

Cahandar ağanın şəxsiyyətini dərk etmək üçün onu yetirən mühitə nəzər salmaq lazımdır.

Bu mühitin birinci xüsusiyyəti həyat idealının ailə, məişət, namus və qeyrət məsələsi çərçivəsindən kənara çıxmamasıdır. Bu mühitin əsas imperativi, tələbi – min illərlə bərqərar olmuş ailə münasibətlərinə, məişət prinsiplərinə ciddi riayət etmək, şəxsi ailə və kişi ləyaqətini təsdiq etmək və qorumaqdır.

Həmin mühitin ikinci xüsusiyyəti hər cür cilovlanmaya, inzibati qayda-qanunlara qarşı instinktiv nifrət, fərdi hisslərin çox şiddətli bir şəkildə təzahür etməsidir. Heç təsadüfi deyil ki, romanda Cahandar ağanın bütün fəaliyyəti ailə-məişət dairəsindən kənara çıxmır. Heç təsadüfi deyil ki, məsələn, çar hökuməti ilə münasibətdə də Cahandar ağanı həyəcanlandıran əsas məsələ “bir az da keçəndən sonra lap kişiliyimizi də əlimizdən alacaqlar” məsələsidir.

Buna görə də əsərdə ailə-məişət aləmi bütün dolğunluğu, ilkinliyi və ziddiyyətləri ilə gözümüzün önündə canlanır.

Cahandar ağanı tənqid etmək olar və lazımdır. Lakin heç kəs onu cılız, balaca, ikiüzlü, qorxaq, başqaları ilə eyniləşən, fədri xüsusiyyətlərdən məhrum olan bir şəxs saya bilməz. Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil.

O, həyatda tısbağa addımları ilə yox, geniş kişi addımları ilə yeriyir.

Mərd və təbii həyat tərzi sərt və amansız formada meydana çıxanda belə, insanlar tərəfindən namərd və süni həyat tərzindən yüksək qiymətləndirilir. Çünki mərd və təbii həyat çox hallarda ən rasional, lakin praqmatik həyat tərzinin əksinə olaraq, özündə bir şeiriyyət, bir daxili təravət gizləyir.

Bu nöqteyi-nəzərdən Cahandar ağanı romanın digər qəhrəmanı Molla Sadıqla müqayisə etmək məqsədəuyğundur. Molla Sadıq Cahandar ağa kimi başqasının arvadını evinə gətirmir, öz bacısını öldürmür, qan tökmür, lakin onun bütün hərəkətləri bizdə nifrət və ikrah hissi oyadır.

Çünki Molla Sadığın hərəkətləri Cahandar ağa mühitinə xas olan mərdlik və şəxsi ləyaqət prinsipinə tamamilə ziddir. Çünki Molla Sadıq təhlükəli, lakin eybəcər fəaliyyət göstərir. Çünki Molla Sadıqlığa xas olan “Məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır” prinsipi heç vaxt insanlarda xoş duyğular oyatmayıb. Bu prinsip Cahandar ağa mühitinə xüsusilə yaddır. Ona görə də kənd camaatı Mola Sadığa hörmət etmir.

Molla Sadıq da Cahandar ağa kimi hiss adamıdır. Lakin bu hisslər – cılız və eybəcər fəaliyyət doğurduğundan Molla Sadığın bir şəxsiyyət kimi yüksəlməsinə, alçalmasına gətirib çıxarır.

Cahandar ağanın silahı – tüfəngdirsə, Molla Sadığın silahı məkr və xəyanətdir.

Cahandar ağanın hərəkətlərinə biz müəyyən dərəcədə bəraət qazandırırıqsa, Molla Sadığın, hətta namusu təhqir olunmuş Allahyara kömək etməsi bizdə ikrah hissi oyadır.

Cahandar ağa heç vaxt düşməninin bakirə qızını qaçırmaq, yaxud kazaklarla əlbir olub ona arxadan zərbə vurmaq kimi üsullara əl atmaz, bunları şəxsiyyətinə sığışdırmazdı.

Molla Sadıq dəli Cahandar deyil, ona görə də qüdrətli, qeyrətli, parlaq şəxsiyyət də deyil.

…Cahandar ağa şəxsiyyətinin mənasını ifadə edən üç leytmotivlə – papaq, arvad və at leytmotivləri ilə yanaşı, romanda təbiət leytmotivi də ardıcıl, simvolik planda səslənir.

Kür, meşə, səma – bu üç varlıq Cahandar ağa şəxsiyyətinin dərk olunması nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd etdiyimiz kimi Kür, romanda Cahandar ağa xarakterinin bütün xüsusiyyətlərini təmsil edən bir varlıq kimi təsvir edilir. Müəllif yazanda ki, “Yuxarılarda yağan yağışdan sonra hava bürküləşmişdi. Nəfəs almaq olmurdu. Deyəsən yenə Kürün dəliliyi tutub” – bu sözlər qeyri-iradi olaraq bizi Cahandar ağa aləminə aparır, onun çılğın, ehtiraslı təbiəti ilə bizi tanış edir.

Meşə, Cahandar ağa qurbanlarının məskəni olaraq qalmır, o, qəhrəmanın həyat tərzinin, düşüncələrinin, ümumiyyətlə, mövcudluğunun ifadə vasitəsinə çevrilir.

Şimşəkli, yağışlı, yağmurlu səma, dağ köçü, dəyələr, yaylaqda bulaq başında yaranan məhəbbət dastanları, təmiz və bakirə gənclik münasibətləri Cahandar ağa mühitinin şairanə cəhətlərini göz önündə canlandırır.

Cahandar ağa mülkədardır. Mülkədar olmasaydı, o öz istəklərini belə azad, sərbəst şəkildə həyata keçirə bilməz, bütün qəzalardan sağ-salamat qurtarmazdı. Onun arxasında böyük bir tayfa, nökərləri durur, Cahandar ağanın mülkədarlığı qudası qoca gəmiçiyə münasibətdə də meydana çıxır. Oğlu Şamxalın kasıb bir qızla evlənməsini o, günah sayır və bu “günahı” oğluna bağışlamır.

Lakin Cahandar ağa şəxsiyyətinin sinfi mənası oğlu Əşrəflə aşağıdakı söhbətində daha bariz şəkildə aşkara çıxır:

Əşrəfin “Olmazmı öz torpağımızdan bir az kasıblara verək?” təklifi onu hiddətləndirir:

– “Bunu sənə kim öyrədib? Yoxsa qardaşın lüt qaynatasının qarnını mənim hesabıma doldurmaq istəyir?.. Bir də mənim yanımda belə sözlər danışma. Mənim sümüyümü it sümüyünə caladığınız bəsdir”.

Cahandar ağa mülkədardır. Lakin mülkədar olmaqla bərabər o, mühitinin bütün cəhətlərini özündə cəmləşdirən mürəkkəb, ziddiyyətli və güclü bir xarakterdir.

İnsan uzun müddət istədiyi kimi yaşayar, öz daxili aləminə qapılmaz, hərəkətlərini təhlil etməz, özünə bəraət qazandırar, məhv etdiyi adamların xəyalı onu sarsıtmaz. Yaşayar.

Lakin elə bir gün gələr ki, o öz fəaliyyəti haqqında düşünər, onun vüqarlı, şax görkəmi sarsılar, beli əyilər, işgəncəli düşüncələr ürəyini yeyər, ağlını çaşdırar.

İnsan həmişəki instinktin hökmü ilə yaşaya bilməz. Bir gün zəka, təfəkkür öz hökmünü verər, qanunauyğun sayılan bir həyat tərzi əqlin tələbinə cavab verməz, əqlin hökmü ilə rədd edilər.

Onda insan keçmişinə nəzər salar və bütün həyatının dolaşıq, qeyri-məntiqi, qeyri-münasib olduğunu duyar.

İnsan uzun müddət maarifdən, mədəniyyətdən təcrid olunmuş halda keçinər, lakin vaxt gələr amansız bir hiddət icazəsiz onun mühitinə daxil olar, hətta evinə gəlib çıxar və oğlu Əşrəfi əlindən qoparıb çox uzaqlara aparar; oğlu atasına yad bir qüvvəyə çevrilər.

Cahandarın ağalıq etdiyi mühit, pərəstiş etdiyi ideallar, Cahandar ağa istəsə də, istəməsə də məhvə məhkumdur. Ona görə də Cahandar özü dərk etsə də, etməsə də, faciəvi qəhrəmana çevrilməlidir.

Hər şey bir hadisədən – Cahandar ağanın bacısı Şahnigarı öldürməsindən başlayır. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır.

Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandarın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir.

Böyük ustalıqla canlandırılmış səhnələrdə biz öz çılğın hisslərinin qurbanı, fanatik qulu olan və öz fəaliyyətinin amansız mahiyyətini dərk etmiş bir insanın faciəsini dərindən duyuruq:

“Kin-qəzəb, dərd-ələm, peşmançılıq onu əzir, ağırlaşıb qurğuşun yükü kimi qəddini əyir, Cahandar ağa canını dişinə tutub özünü saxlayır, daxildən püskürüb çıxmaq istəyən, vilkan kimi alovlanmağa hazır olan qəzəbini hələlik boğur”.

Lakin Cahandarın əsil faciəsi bu deyil. Onun faciəsi ictimai bir faciədir. Bu faciənin səbəbi Cahandar ağa mühitinə yad və düşmən olan həyat tərzinin həmin mühitə daxil olması və onu sarsıtmasıdır. Cahandar ağa bu prosesin bəzi xüsusiyyətlərini dərk etməklə kifayətlənmir, o, eyni zamanda onun labüd şəkildə bərqərar olacağını da anlayır. Anladıqca dərdli-nisgilli duyğular qəlbini yandırır. Yeni həyat tərzi, yeni aləmlə Cahandar ağa bu aləmin iki əks tərəfini təmsil edən çar hökuməti nümayəndələrinin və Əşrəfin şəxsində qarşılaşır.

Birincilərə Cahandar ağanın münasibətini müəllif aşağıdakı şəkildə təsvir edir:

“O  (yəni Cahandar ağa – A.Ə.), dədə-baba qaydası ilə dolanmış, atın belində gəzib ağayanalıq etmişdi. Ancaq indi vəziyyət dəyişirdi… Belə getsə onlar… kəndi ayaq altında qoyacaq və hər işə qarışacaqlar.

…Demək bundan sonra gərək onların dediyi ilə oturub-duraq, onlara boyun əyək. Görüm səni qara gələsən, ay zamana!..”

Gördüyümüz kimi, Cahandar ağanı hiddətləndirən yeni həyat tərzinin onun bağlı olduğu ideala yadlığı, düşmənçiliyi, yabançılığıdır. Cahandar ağa labüd bir dəyişiklik dövrünün başlanmasını hiss etmişdir. Bu dövrü o, qocalıq, böyük bir itki, qarşısıalınmaz bir fəlakət kimi duyur. Epik vüsətli romanda qəmli nidalar səslənməyə başlayır:

“Kim isə astadan bayatı deyirdi:

 

Eləmi qar qalandı,

Qış gəldi, qar qalandı.

Qarğalar laçın oldu,

Laçınlar qarğalandı.

 

Kişi dəhşətli gəldi. Yerinə qor düşmüş kimi bədəni ani alışdı. Beyni güyüldədi. Dərindən köksünü ötürdü:

“Ay gidi dünya, gör axırın hara gəlib çıxdı”.

Yaxud: “Yenə mahnıya qulaq asdı:

 

Belə zaman hara, qoç igid hara,

Mərdləri çəkirlər namərdlər dara

Baş əyir laçınlar, tərlanlar sara,

Mənmi qoşalmışam, ya zəmanımi?”

 

Zəmanənin dəyişdiyinə digər dəlil Cahandarın oğlu Əşrəfdir. Ata oğlunun idealını, amalını mübarizəsini dərk etmək qabiliyyətindən məhrumdur. O, Əşrəfin inqilabi ideyalara bağlanmasını, Kipianilərdən dərs aldığını, Radişşev ideyalarından ruhlandığını bilmir. Eyni zamanda o, Çernışevski, Semyonov kimi tərəqqipərvər rus maarif xadimlərinin Azərbaycan xalqına olan dərin məhəbbətini, nəcib arzularını, fədakar əməllərini də qiymətləndirməkdən uzaqdır.

O, yalnız bircə şeyi – oğlu Əşrəfin “zəndini itirəcəyini” dərk etmişdir. “Elə oxumağın quyruğundan yapışıb buraxmaq istəmir. Ata-ana vecinə deyil”.

Cahandar ağa başa düşmüşdür ki, artıq dəyişilməyə doğru gedən zəmanədə ona onun idealına, həyat tərzinə yer yoxdur. Buna görə də Cahandar ağanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır.

Buna görə də Cahandar ağanın fiziki ölümü zəruri, labüd bir faciənin təsdiqi kimi meydana çıxır.

Lakin ölüm ayağında da o, köklü budaqlı, nəhəng ağaclar kimi məğrur, qüdrətli və güclüdür. Sanki möhtəşəm bir qaya yerindən tərpənib nəriltiylə uçuruma yuvarlanır və Dəli Kürün qanlı sularına qərq olur.

Cahandar ağa tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətdir. Onun həyat idealı, məhdud, fəaliyyəti birtərəfli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeiriyyəti, qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı.

Bütün bu deyilənlərdən aydın olur ki, yazıçı İ.Şıxlı Cahandar ağa surətilə Azərbaycan sovet ədəbiyyatını yeni bir bədii xarakterlə zənginləşdirmişdir. Cahandar ağa surəti – kəşfdir. Özü də ciddi, əhəmiyyətli və sanballı bir kəşf.

 

  1. III.  MƏNƏVİ ALƏM DİALEKTİKASI

 

Realist sənət ictimai həyatın yeni qanunauyğunluqlarını açıb göstərməklə bərabər, insan mənəviyyatının dialektikasını da kəşf etmişdir.

Bu o deməkdir ki, realist sənət daxili aləmi mürəkkəb, ziddiyyətli, dinamik bir proses kimi təsvir edir. Bu, eyni zamanda o deməkdir ki, realist sənət insan psixikasının bəsit təfəkkür vasitəsiylə dərk edilməyən, ən incə, dərin, ilkin xüsusiyyətlərini təhlil və təsvir edə bilmişdir.

Realizm daxili aləmdə ani yaranan və zahirən tez də sönən, lakin qəlbin dərin qatlarında gizlənən və bir vaxt gözlənilməz qüdrətlə çıxan hissləri bütün dolğunluğu, çoxmənalılığı, çoxahəngliyi ilə əks etdirmişdir. Buna görə də mənəviyyat aləmi rənglər politrasında bütün zəngin imkanları vasitəsiylə əks etdirilmiş, yeni mürəkkəb, ziddiyyətli, lakin eyni zamanda vahid insan konsepsiyası yaranmışdır. Bu, nəhayət o deməkdir ki, realizm, sənəti dəbdəbəli, zahiri, effektli gözəlliyə zidd olan sadə, mənalı, adi gözəllik idealı ilə zənginləşdirmişdir. Bu xüsusiyyətlər realist sənətin əsas leytmotivinə çevrildiyindən, müasir ədəbiyyatın nəzəri və əməli problemlərindən danışarkən onları unutmaq olmaz.

Azərbaycan ədəbiyyatında mənəvi aləmin tədqiqi və bədii təsviri məsələsinə toxunmadan, onun digər ictimai və estetik problemlərindən yüksək nəzəri səviyyədə söhbət açmaq olmaz.

Biz burada yalnız iki yazıçının – əsərlərində mənəvi aləmin təhlilinə ciddi diqqət yetirən İ.Əfəndiyevin yaradıcılığına və nəsr sahəsində qələmini yenicə sınayan, lakin müəyyən yazı xüsusiyyətləri ilə diqqətimizi cəlb edən gənc yazıçı Ə.Nicatın “Nəğməyə dönmüş ömür” romanına ötəri nəzər salmaqla kifayətlənəcəyik.

İ.Əfəndiyevin yaradıcılığında diqqətimizi cəlb edən əsas xüsusiyyət mənəvi aləmin bütün təfərrüatı ilə, dinamik bir proses kimi rəngarəng üsullarla təsvir edilməsidir. Yazıçı qəhrəmanlarının psixologiyasını, müəyyən hisslərin yaranma və inkişaf prosesini hərtərəfli, dolğun təsvir etdiyindən, mənəvi aləm bədii tədqiqin əsas obyektinə çevrilir, oxucuları hadisələr cərəyanından daha çox, duyğular, ehtiraslar cərəyanına cəlb edir.

Müəllif oxucunu sadəcə olaraq qəhrəmanlarının taleyi ilə tanış etmir, onun qarşısında daxili aləm adlanan bir kitab açır və bu kitabı hərf-hərf, səhifə-səhifə ona təqdim edir. Eyni zamanda yazıçı bu səhifələrin bütün gizli nöqtələrini, vergüllərini belə ona izah edir.

İ.Əfəndiyev hisslər, ehtiraslar axınının bəzi hallarda zəkaya, təfəkkürə üstün gəldiyini göstərməkdən də çəkinmir. O, sanki demək istəyir ki, hisslər, ehtiraslar həmişə müəyyən olunmuş bir səmtə axmır, emosional aləm – sirli bir aləmdir.

“Körpüsalanlar” povestində Səriyyənin buldozerçi Qəribə məhəbbəti qəhrəmanın iradəsindən asılı olmayan bir proses kimi şərh edilir. Bu məhəbbət əsərdə zahirən çox kiçik görünən psixoloji cizgilərin tədricən böyük məna kəsb etməsi ilə əlaqədar şəkildə təsvir olunur.

Yazıçı, Səriyyənin duyğularını mürəkkəb, özünün belə tam dərk etmədiyi, lakin daim güclənən, şiddətlənən və tədricən qəlbini zəbt edən qarşısıalınmaz bir qüdrət və güc timsalı kimi mənalandırır. Səriyyə istədiyindən sevir, lakin bəzi hallarda istəmədən sevir.

Kiçik bir psixoloji ştrixə diqqət yetirək. Səriyyə buldozerçinin köynəyini ütüləyir; hələ heç bir qeyri-adi hadisə baş verməmişdir. Hələ Səriyyə ərinə tam sadiqdir. Hələ onun başqa kişiyə münasibəti heç özünə də aydın deyil. Lakin həyatda min bir dəfə müşahidə olunan adi bir hadisə nəsə böyük və qarşısıalınmaz hadisələr axınından xəbər verir:

“Elə diqqətlə, elə həvəslə ütüləyirdim ki, elə bil buldozerçi bunu geyib konsertə gedəcəkdi, elə bil hamı onun köynəyinə baxıb mənə “afərin” deyəcəkdi. Mən köynəyin enli kürəyinə baxaraq özümdə anlaşılmaz bir fərəh duydum. Mən onun üzərində incə bir qırışın da qalmamasına səy edirdim”.

Bu fikirlərin ərli qadın üçün çox cüzi bir qeyri-adiliyini duyduğundanmı, nədənmi Səriyyə ütü məsələsini adi dostluq münasibəti kimi izah etməyə çalışır:

“Ürəyimdə Adilə müraciətlə deyirdim: Məni bağışla, əzizim, sənin məni tənqid etməyə haqqın var. Axı biz həyat yoldaşıyıq. Lakin əgər bir də buldozerçinin (ya da, məsələn, Kərimxanın) köynəyinə ütü çəkmək lazım gəlsə, mən bunu edəcəyəm, özü də mənim bu cür hərəkətimə adət etməlisən. Başqa sayaq mümkün deyil”.

Lakin elə Səriyyənin bu hadisəni adi hadisə kimi qiymətləndirməyə, Qəriblə Kərimxan arasında fərq qoymamağa çalışması məsələnin bizim və bəlkə də Səriyyənin özünün düşündüyündən daha ciddi olduğunu göstərir. Başa düşürsən ki, bu ütü məsələsi zahirən göründüyü qədər adi məsələ deyilmiş. Səriyyənin mənəviyyatında nəsə baş verir. Səriyyənin qəlbində nəsə gizli bir hiss baş qaldırmışdır. Lakin deyəsən qəhrəmanın özü də bunu tam aydınlığı ilə dərk etməmişdir.

Səriyyənin qəlbində yaranmış və hələlik tam dərk edilməmiş məhəbbətini yazıçı sonralar, yenə də kiçik, lakin mənalı psixoloji ştrixlər, eyhamlar vasitəsiylə tədqiq edir. Hər yeni ştrix məhəbbət hissinin daim güclənməsini, şiddətlənməsini və qəhrəmanın iradəsinə qalib gəlməsini sübut edir:

“Mənə elə gəldi ki, subay bir qızam və indicə həmin bu boldozerçiyə ərə getdim”.

Bu fikir Səriyyənin ağlında ani yaranır və tez də sönür. Səriyyə bu fikri ağlından çıxarmağa, qəlbindən qovmağa çalışır. Bu fikrin yaranması üçün sanki hələ heç bir əsas yoxdur. Hələ Səriyyə ərinə hörmət bəsləyir. Hələ Səriyyə əriylə fəxr edir:

“Adil cəbhəyə gəlmiş zirək, gözüaçıq bir komandan kimi bütün şəraiti öyrənirdi. O mənim ərim idi. Mən onunla fəxr edirdim. O, ağıllı və yaraşıqlı idi”.

Lakin təsadüfən deyilmiş bu sözlər sübut eləyir ki, buldozerçiyə qarşı yaranan duyğular aydınlaşmağa, yetkinləşməyə başlayır, qarşısıalınmaz bir ehtirasa çevrilir.

İndi Səriyyə nə haqda düşünürsə-düşünsün, necə hərəkət edirsə-etsin, kimlə qarşılaşırsa-qarşılaşsın, daima Qəribə qayıdacaq.

Səriyyə “mənim buldozerçidən xoşum gəlmir” deyəndə biz bunu “mənim buldozerçidən xoşum gəlir”, – deyə qavramalı, əri Adildən “əsgərlikdə olubsanmı” – deyə soruşanda biz bu sözləri “amma buldozerçi olub, özü də leytenant, özü də tankçı sifətilə” anlamalıyıq.

Təsadüfən deyilmiş bu cür sözlər əsərdə dəfələrlə təkrar olunur və Səriyyənin Qəribə məhəbbəti canlandıqca, çox zəruri və çoxmənalı sözlərə çevrilir.

Səriyyənin əri ilə münasibəti də povestdə kiçik, incə psixoloji cizgilərin daim böyüməsi, tədricən yeni məna kəsb etməsi və nəhayət, ciddi hadisəyə çevrilməsi prosesi kimi tədqiq olunur.

Əsərin əvvəlində biz Səriyyə ilə Adilin münasibətlərində nəsə bir mürəkkəbliyin, ziddiyyətin olduğunu duyuruq, məhz duyuruq. Çünki müəllif bu incə psixoloji hadisəni açıq şəkildə, hazır vəziyyətdə oxucuya çatdırmır və onu gözəl bir şeiriyyətdən – hiss-həyacanlar axınını izləmək nəşəsindən məhrum etmir.

Əvvəlki psixoloji momentlərin əsil məna və mahiyyətini biz yalnız əsərin axırında tam aydınlığı ilə dərk edirik.

Bir tərəfədən, Səriyyə ərinə hörmət edir, onun ağıllı, idraklı, iradəli adam olduğunu hiss edir, qiymətləndirir. Digər tərəfdən, biz əsərin ilk səhifələrindən Səriyyənin ərinə qarşı münasibətində güclə sezilən və bəlkə də özünün də tam dərk etmədiyi gizli bir istehza duyur və qəhrəmanın ailə həyatının birtərəfliliyinə, natamlığına qarşı etiraz nidasını eşidirik. Məsələn, Səriyyənin öz ailə həyatından razı olmadığını sübut etmək üçün dediyi bu sözlərdə incə bir etiraz səslənmirmi?

“O deyirdi ki, kimin üzünə gülümsəmək lazım olduğunu, kimə heç fikir verməməyi gənc qadın bilməlidir.

Mən də onun gənc bir tanışına rast gəldikdə, dərhal bütün diqqətimi toplayaraq çalışırdım ki, müəyyən edim, görüm mən bu adama qarşı nə cür mövqe tutmalıyam”.

Kimə aydın deyil ki, burada Səriyyə öz vəziyyətinə gülməklə, eyni zamanda və daha çox onu bu vəziyyətə salan həddən artıq ciddi, rasional həyat pərəstişkarı əri Adilə gülür.

Sonralar, yaxın adama qarşı belə yumoristik münasibət xarakter müxtəlifliyinə, xarakter əksliyinə gətirib çıxarır.

Yalnız Səriyyənin bildozerçiyə məhəbbəti yaranandan sonra kiçik, səthi görünən duyğular – böyük məna kəsb edir və Adilə qarşı ikrah hissinə çevrilir.

Adilə qarşı yaranan ikrah və buldozerçiyə qarşı yaranan məhəbbət hissləri Səriyyə mənəviyyatında yeni şairanə duyğular axını yaradır:

“Hiss edirdim ki, mən özüm bu sükut edən kainatın, bu qaranlıq gecənin sevinci, səadətiyəm. Mənsiz bu dünyada yaşamaq heç nəyə dəyməzdi. Dünyanın bütün dahi sənətkarları məni tərənnüm etmişlər!”

Səriyyənin buldozerçiyə məhəbbəti yetkinləşdikcə, Adilin rasional həyat tərzinə etirazı çoxalır.

“Texnik olduğuma baxmayaraq, Adilin yazdığı haqq-hesab, vurduğu rəqəmlər birdən-birə son dərəcə cansıxıcı göründü.

Mənə elə gəldi ki, bizi əhatə eləyən qaranlığın sonu yoxdur”.

Lakin artıq Adili sevməyəndə belə Səriyyənin qəlbində ikinci bir hiss – ailə qarşısında məsuliyyət hissi yaşayır.

“Yox, mən subay deyiləm. Mən ərimin gələcəyi üçün məsuliyyət daşıyan bir qadınam. Ərimin gələcəyi, gələcək böyük vəzifələri. Əlvida subaylıq, əlvida azadlıq”.

Əgər bu hisslər digər daha güclü, daha dərin və sirrli hisslərə qalib gələ bilmirsə, onların qarşısında sarsılırsa, bu da təbiidir. Bu əsərin əvvəlində söylənmiş bir fikrin düzgünlüyünü sübut eləyir:

“İnsan həyatı nə qəribədir! – deyə düşünürəm, bəzən tuş tutub getdiyin yol haradan başlayır və səni haralara aparıb çıxarır? Əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır”.

İ.Əfəndiyev psixoloqdur, özü də incə bir psixoloq. Lakin bu o deməkdirmi ki, yazıçı mənəviyyat aləmi dialektikası problemini tam həll etmişdir və bu cəhətdən kamilləşməyə heç bir ehtiyacı yoxdur?

Daxili aləm dialektikası elə bir problemdir ki, bu haqda sənətkar ömrü boyu düşünməli, daim yeni yollar, yeni üsullar axtarmalıdır. Bu nöqteyi-nəzərdən İ.Əfəndiyevin yaradıcılığında bizi təmin etməyən iki cəhətə diqqət yetirməyi lazım bilirik.

Birinci, kişi gözəlliyi idealının sırf zahiri gözəllik, əzəmət, sərtlik, şahanə duruş və bu kimi effektli əlamətlərlə səciyyələndirilməsidir.

Məsələ yalnız onda deyil ki, bu cəhətdən yazıçı heç bir kəşf etmir.

Məsələ ondadır ki, zahiri əzəmətə malik olmayan Bezuxovların gözəlliyini ən yüksək bir gözəllik timsalı kimi təsdiq edən realizmin nailiyyətləri fonunda bu təmayül arxaik görünür.

Biz heç də zahiri gözəlliyin, o cümlədən kişi gözəlliyinin əleyhinə deyilik. Lakin yazıçı özü də yaxşı bilir ki, zahiri, effektli gözəlliyi təsvir etmək nə qədər asandırsa, adi, yaxud çirkin zahiri görünüşün arxasında gizlənmiş gözəlliyi göstərmək və ona məhəbbət oyatmaq bir o qədər çətindir.

“Dağlar arxasında üç dost” əsərinin qəhrəmanı Səlimənin Şahlara məhəbbəti qədd-qamət, şahanə duruş, sərt və əzəmətli sifət kimi keyfiyyətlərə məftunluq hissiylə o qədər bağlıdır ki, doğrusu, bu sevginin dərinliyinə şübhə edirsən.

“O bütün qədd-qaməti ilə mənim qarşımda dayanmışdı. Onun səsində bir kişilik qüruru vardı. İndi onun baxışları sərt və kəskin idi”.

“Mənim qəhrəmanım uzaq dağlarda ayazdan-şaxtadan yanıb, mis rəngi almış çöhrəsi, qədd-qaməti və xəncər kimi kəskin baxışlarıyla gənclərin hamısından seçilirdi”.

“Mənim nişanlım, mənim əzizim. Səndə gözəlliklə sərtlik, qılınc kimi kəskin qəzəblə mərhəmət nə gözəl birləşmişdir!”

Səlimənin ilk sevgilisinin boksyor olması Bəndalı kişinin kürd qəbilələrinin başçısına bənzəməsi, dağların və şahların uca, soyuq və sərt təbiəti (nədənsə adamın ağlına Qərb kinolarında təbliğ olunan “sərt gözəllik” idealı gəlir) dağlar qoynunda Ştrausun valsının çalınması, hadisələrin Qartallı dərədə cərəyan etməsi və sair ayrı-ayrılıqda təbii səsləndiyi halda, bir yerdə çox ekzotik səslənir.

Arıq və sərt üzlü, qartal burunlu Bəndalı kişinin gənclikdə qaçaq olması, Şahların Səlimə xəyalında Napoleona, Makedoniyalı İsgəndərə çevrilməsi, “mavi alova” bənzəyən gözləri, “taqətdən düşmüş pələng kimi” yavaş səslə danışması, Səliməni “heyrətə” gətirən amiranəliyi və bu kimi bir çox cizgilər əsərə zahiri dəbdəbəlik gətirir, gözəllik idealını yüksəltmir, əksinə, alçaldır.

İ.Əfəndiyevin nəsrində və xüsusən “Körpüsalanlar” povestində bizi təmin etməyən ikinci cəhət – kişi qəhrəmanlarının daxili aləminin hərtərəfli tədqiq olunmaması, onların daxili imkanlarının axıra qədər aşkara çıxmaması, müəyyən psixoloji natamamlığıdır.

Məsələn, “Körpüsalanlar” povestinin qəhrəmanı Adil nöqsanlı adamdır. Şöhrətpərəstdir, qurudur, təşəxxüslüdür və s. Səriyyə kimi qadın onunla axıra qədər yaşaya bilməzdi.

Lakin bizə elə gəlir ki, o, tam mənfi səciyyəli adam deyil. Qartal burunlu deyil, amma ciddidir, gözlərindən od-alov yağmır, ancaq təmizdir, ailəsini, gələcəyini düşünəndir, cadugərlik qabiliyyətinə malik deyil, ancaq işgüzardır.

Lakin yazıçı Adilin mənəvi aləmini Səiyyənin mənəvi aləminin tədqiqi səviyyəsində açıb göstərməmişdir.

Yenə də Səriyyə ondan ayrılacaqdı. Lakin biz daha zəngin və daha maraqlı bir mənəviyyatla rastlaşardıq.

Əlisa Nicatın “Nəğməyə dönmüş ömür” romanını “Qəmli könül” adlandırmaq olardı.

…Qəmli dastan bizi əsərin ilk səhifələrindən təmiz, xeyirxah, müdrik bir həyatın faciəvi anlarına aparıb çıxarır.

Oxucu görür ki, axund Sədrəddinlər aləmində Mirzə Şəfi yalqızdır, başıbəlalı, ürəyi yaralıdır.

Canlı ölülərin nəhəng qəbirstanlığında Şəfilərə yer yoxdur. İstedad, daxili aləm zənginliyi, munislik təqib olunur, istedadsızlıq, naşılıq, qansızlıq şöhrət və səadət taxtına mindirilir.

Şəfi qəmlənir… 30 illik həyatında sevinc onun qəlb otağına çox az, qəm isə həmişə, çağrılmadan gəlmişdir.

“Bu qədim şəhərdə min illərdən bəri olduğu kimi, indi də hərə öz səadətinin hücrəsinə qapılıb yaşayırdı. Yalnız onun, Şəfinin hücrəsi boş idi, səadətsiz idi”.

Şəfi qəmlənir.

Dərrakədə, savadda, istedadda hamıdan yüksək olan bir avam ev-eşik üzünə həsrətdir, nifrət etdiyi məsciddə qalmalı, mövcudluğunu inkar etdiyi xanlar aləminə daxil olmalı, dostsuz-həmdəmsiz yaşamalıdır.

“Hacı, həyatımdan bir günəş kimi qopub getdin. Məni o zülmət və vəhşilər içində qoyub getdin. Nə yurdum var, nə qohum-qardaşım, nə dost-aşnam”.

Əgər həyat insana zillətdən, əzabdan, işgəncədən başqa bir şey vermirsə, onda yaşamağın mənası varmı? Şəfini həyata bağlayan nədir?

Həyatda gözəllik, məhəbbət və sənət vardır.

Həyatda təbiət, şeir, bir də Züleyxa vardır.

Şəfini yaşadan, onu özündən razı heyvanlar aləmindən ayıran, bir anlıq dünyanın ən xoşbəxt adamı eləyən bunlardır.

Nə yaxşı ki, Şəfi şair və filosofdur, nə yaxşı ki, təbiət ona həssas qəlb və yanar zəka vermişdir!

Nə yaxşı ki, həyat Şəfiyə səadəti damla-damla içdirməklə, `onu məhəbbətin qədirbiləni etmişdir. Nə yaxşı ki, onun qəlbində məhəbbət əhlinə belə bir minnətdarlıq odu yanır.

Züleyxa Şəfi üçün böyük və gözəl bir aləmə çevrilir. Məhz Züleyxa ilə görüşəndən sonra onun qəlbində atəşin, ehtiraslı sətirlər yaranır.

 

Hardadır yer cənnəti, bir sevdanın telində,

Gözəllərin gözündə, köhlənlərin belində.

 

Məhz Züleyxanı sevdikdən sonra Şəfi, hətta məscidin günbəzlərinin də qeyri-adi, sirli gözəlliyini duyur.

“Bu günbəz nə qədər böyük, nə qədər gözəlmiş. Kərpic rəngli minarələr, zirehli nizələr kimi elə bil maviliyə sancılıb. Bütün bu məscid, günbəz və minarələr ona görə gözəlləşmişdir ki, dünyada Züleyxa var idi”.

Züleyxa məhəbbətini əziz tutduğu üçün Mirzə Şəfi onu itirməkdən qorxur, təlaş hissləri səadət anlarında belə onu tərk etmir:

“Züleyxa, sultanım, sənin bu gənc, bu qüdrətli gözəlliyin məni hara çağırır? Səadətin qızmar çöllərinəmi? İztirabın solğun bağçalarınamı?”

Şəfinin Züleyxaya məhəbbətini təsvir eləyərkən, müəllif bəzi incə bədii ştrixlərdən də bacarıqla istifadə edir. Bu nöqteyi-nəzərdən Şəfinin, Züleyxanın atası İbrahim xana münasibətinin bədii təhlili maraqlıdır.

Şəfi İbrahim xanı sevməyir. Lakin Züleyxanın atası olduğu üçün ona ehtiram göstərir.

Züleyxanın cazibədarlığı, təbiiliyi, atəşin və davamlı məhəbbəti əsərdə şair hissiyyatı və zəkasının sığındığı nurlu bir qüdrət kimi tərənnüm edilir.

Müəllif bu sevginin ülvi mənasını tərənnüm etdiyi kimi, onun real gözəlliyini də təsvir edə bilmişdir.

“Şəfinin nəfəsindən tənbəki qoxusu, paltarından isə tər iyi gəlirdi. Qız ötəri olaraq müəlliminin əbasına və köynəyinin boynuna, yaxasına nəzər saldı. Ağ kətan köynək sapsarı olmuşdu.

Qızın qəlbində birdən-birə bu yoxsul, məğrur və müdrik cavana hakim olmaq, ona qulluq eləmək, həyan olmaq həvəsi oyandı”.

Əgər canlı ölülər qəbirstanlığında Şəfini bu cür qiymətləndirən, dərk edən, onunla həmdərd olmağı özünə səadət sayan bir insan varsa, deməli yaşamağa dəyər.

Deməli, ülvi duyğular, şairanə düşüncələr, fəlsəfi meyillər, hətta burada da məscidlər və qəbirstanlar aləmində də könüllərə hakim ola bilər.

Deməli, xeyirxah niyyətlər, saf və mənalı həyat insanları ilhamlandırmaq, onların qəlbini coşdurmaq qüdrətini burada da itirməmişdir. Heç bir qüvvə, heç bir qeyri-ideal həyat ülvi hissləri insanların qəlbindən çıxarda bilməz.

Deməli, Sədrəddin axundlar insanları insanlıqdan məhrum edə bilməmişlər.

Mirzə Şəfinin pənah gətirdiyi və mənliyini təsdiq etdiyi ikinci aləm – şeir aləmidir.

“Şəfi düşünür, yazırdı. Yuxarıda şamın dövrəsində hərlənən yaşıl, kiçik pərvanələr odda yanır, ağ vərəqə tökülüb qalırdılar. Bayırdan isə ardı-arası kəsilməyən yeniləri gəlirdi”.

Şəfinin şeir və gözəllik dünyası ona yad və düşmən olan ictimai aləmlə toqquşmalı olur.

Şəfinin gözəllik və şeirdən yoğrulmuş mənəvi aləmi ilə toqquşur.

Lakin bu əsas konfliktin təsvirində gənc yazıçı müəyyən səthiliyə yol verir. Onun psixoloji təhlil üsulu burada öz məhdudluğunu bariz şəkildə aşkara çıxarır… Bu, özünü həm ictimai mühitin nümayəndələrinin psixoloji təhlilində, həm də Mirzə Şəfinin onlara münasibətinin təsvirində göstərir.

Ədalət naminə demək lazımdır ki, məsələn, İbrahim xanın psixoloji təsvirində müəyyən bir rəngarənglik duyulur. İbrahim xanın Molla Şəfiyə münasibəti mürəkkəb və ziddiyyətlidir.

Mülkədar olduğu üçün o, Mirzə Şəfiyə qız vermək fikrini ağlına gətirmək istəmir, şairin kasıbçılığı, kimsəsizliyi bir an onun nəzərindən qaçmır. Lakin ədalət hissini tam itirmədiyi üçün o, Mirzə Şəfinin istedadını, müdrikliyini, alicənablığını qiymətləndirir, ona hörmət bəsləyir.

“Xan, yeganə, həm də bu qədər gözəl qızının yoxsul bir şairə verilməsi fikrini heç ağlına belə gətirmirdi.

Ancaq qəribə burası idi ki, bu müdrik və bədbəxt gəncin hərəkətinə qarşı öz qəlbində heç bir qəzəb, kin duymurdu. Qəribəydi, elə bil onun bu adama qarşı rəğbəti daha da artmışdı”.

Lakin Mirzə Şəfinin əsas düşməni – cəhalət, dini fanatizm timsalı axund Sədrəddin əsərdə səthi təsvir edilmişdir. Axund Sədrəddin kimi adamların daxili aləmi çox müərkkəb, ziddiyyətli, zahirən bəsit, daxilən çox rəngarəng olur. Orada, kin, hiddət, rəzalət, təşəxxüslə yanaşı öz yanlış etiqadına sönməz inam, qəlbinin dərinliyində isə qorxu, təlaş hissləri çuğlayır.

Əsərdə biz bunların heç birini görmürük. Çünki biz axund Sədrəddini ciddi düşünən, özüylə tək qalan, həyəcan keçirən vəziyyətdə müşahidə etmirik.

Əsərdə biz axund Sədrəddini iki dramatik hadisədə görürük. Birinci, M.Şəfi ilə söz duelində, ikinci, Sədrəddinin ailəsi tərəfindən məhv edilmiş cavan qadının dəfn mərasimində.

Birinci səhnədə axund Sədrəddin, Şəfini ifşa etmək məqsədi ilə məclisə çağırır, lakin söz duelində məğlub olur. Şəfinin oxuduğu şerlər məclisdəkilərin xoşuna gəlir və axund istəyinə nail olmur.

İkinci səhnədə Mirzə Şəfi axundun üzünə hissətli sözlər yağdırır: “Bayaqdan başınızın ağrısından danışmalı olsaydınız. Qorxmayın, sizi nə tutan olacaq, nə söyən. Heç sorğu-suala da çəkən olmayacaq. Ancaq allahın adına and olsun ki, bu günahın cəzasından qurtara bilməyəcəksiniz”.

Bizə elə gəlir ki, bu çox azdır. Bunlara əsaslanıb biz Mirzə Şəfiləri bədbəxt eləyən bir mühitin simasını müəyyən eləyə bilmərik.

Bəlkə elə buna görə də əsərdə Şəfinin məhəbbəti onun nifrətindən, xeyirxahlığı mübarizliyindən müqayisə edilməz dərəcədə parlaq təsvir edilmişdir. Şəfinin məhəbbət və şeir aləmi dolğun və hərtərəfli, nifrət və mübarizə dünyası isə sönük şərh edilmişdir.

Birinci aləm tədqiq edilmiş, ikinci aləmin xüsusiyyətləri isə sadəcə şərh olunmuşdur. Arzumuz odur ki, əsərin ikinci hissəsində gənc müəllif bu nöqsanları aradan qaldırsın.

Mənəvi aləmin daxili dialektikasını hərtərəfli, geniş miqyasda tədqiq etmədən monumental bədii surət yaratmaq mümkün deyildir.

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev