BƏXTİYAR HİDAYƏT – QOŞMALAR

10307363_748598415184459_2363930334105558830_n

 

Eylər-eylər

****
Bu qoca dünyadı, ay cavan oğlan
çaş qoyar ustadı xam eylər-eylər
yaranın üstünə duz basar bol-bol
di gəl xörəyində kəm eylər-eylər

mənə dördbucaqlar açıbdı qucaq
durnalar göylərdə qurar üçbucaq
mən özüm eylədim özümə ancaq
özü etməyənə kim eylər-eylər

demə gücüm nə güc, bilək nə bilək
sonun nə olacaq bilək, nə bilək
daş qəlbdən qamqalaq qoparmaz fələk
daş əzmi yumşaldar mum eylər-eylər

bu qara yolların özüm karvanı
birim sarvanıdı, yüzüm karvanı
keçər ağır-ağır sözüm karvanı
səgrəqib qıraqdan ham eylər-eylər

GÖRÜNCƏ

Dərdi tutum tay nə ilə mən yazıq,
Keçindim bir öynə ilə mən yazıq.
Gor qazıram iynə ilə mən yazıq
Canım çıxdı üysük üzü görüncə.

Su ömürüm hədər-hədər axıbdı,
Aparmayıb bircə kədər, axıbdı.
Gizli-gizli dərya qədər axıbdı
Mənim qanım qaşıq üzü gorüncə.

Taleyimdən qaranlıq üz görübdü,
Dərinləri qaranlıq üz görübdü.
Üzüm neçə qaranlıq üz görübdü
Bircə şerim işıq üzü görüncə.

 

Dərd

*****
O, hansı dərddi ki, gözlərin dolub
üzləri su edər üzüsusuz dərd
duzlaqda duz deyil qara günlərçün
olar yaraların üstündə duz dərd
Hicran bıçaqdısa bülövə dönər
Xoşbəxtlik balıqsa tilova dönər
Yayın QIZgın çağı alova dönər
Qışın oğlan çağı olar bum-buz dərd

Göz yaşın kəs -dərdin çiçəyi solsun
Gözlərin yaşla yox-sevinclə dolsun
Özünü şad göstər dərdə dərd olsun
Yaxandan əl çəkməz yoxsa onsuz dərd

 

Deyilmi

******
Ay naz satıb iman alan bəri bax
Haqqı-hesab düz olası deyilmi
Boş damağa tamah dişi düzürsən
Kef-damağın saz olası deyilmi

Kiməm deyim ərkan tanı yol tanı
Kiməm deyim sağ tanıyıb sol tanı
Gözəllərin soltanısan soltanı 
Taxtın bax bu diz olası deyilmi

El obanı bəsdi qannı edirsən
Dosta qarşı dostu qannı edirsən
Ilanı da istiqannı edirsən
Sehrin cadun söz olası deyilmi

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev