Mayisə Əsədullaqızı-ŞƏRƏFLİ SƏRHƏDÇİLƏR

MAY-256x300

ŞƏRƏFLİ SƏRHƏDÇİLƏR

Vətən torpağı canı, 
Havası, suyu qanı,
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!

Dilində, sözdə Allah,
La İlahə İlləllah,
Yadı edər tərksilah,
Ağır əziyyətçilər,
Şərəfli sərhədçilər!

Çeşməsində yaş olar,
Ay-Ulduza qaş olar,
Vətən üçün daş olar,
Şanlı ziyarətçilər,
Şərəfli sərhədçilər!

Ulu sözü eşidir,
Hərbə ürəklə gedir,
Düşmənləri məhv edir,
Yuxusuz hərbiçilər,
Şərəfli sərhədçilər!

QARABAĞIM-AZƏRBAYCANIM!
Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum- nişanım,
O gözəl gülüstan, cahi-cəlalım,
Tanrının verdiyi dövlətim, canım,
Bütöv bir adın var-Azərbaycanım!

Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!
Tarixləri görmüş kamanım-sazım,
Şəhid qanı hopmuş qara torpağım,
Gözü intizarda can, Qarabağım!

Torpağımdan gəlir zərif sorağım,
Sən mənim həm şeirim həm də ki, ağım,
Bir səhər gələcək şad-xürrəm çağım,
İnan qurulacaq xoşbəxt növrağım,
Gözəllik Kəbəsi ay Qarabağım!

25. 02. 2010.

YURDUMUN

Cavanşirlər yetiribdi, bu torpaq,

Mübarizdi hər döyüşdə, üzüağ,

Öndərlərin yolu bizə bir çıraq,

Gəlin, bu yollarda, birlikdə olaq.

Yüksəlir sədası hər gün ordumun,

Həzisi var, Mehdisi var yurdumun!!

Dərəsinə, dağına qəlb aşıqdı,

Cizgiləri zəngindi, qarışıqdı,

Əcəmisi, Səttarı yaraşıqdı,

Könlüm bu gözəlliyə sarmaşıqdı,

Məhsətidi pak amalı arzumun,

Natavanı, Nigarı var yurdumun!!

Düşmənlərin ağlın lərzəyə salan,

Xalqın yaddaşında şərəflə qalan,

Sinəsində Vətənə sevgi yanan,

Ölümdən qorxmayıb, torpağın anan,

Ürəyimdə ən imanlı andımın,

Mübarizi, Ramili var, yurdumun!!

İrəvan, Göyçədi, ümid yerimdi,

Dəmirqapı Dərbənd öz Vətənimdi,

Təbriz, Borçalıdı, doğma elimdi,

Bakı, Naxçıvandı, qaşı yurdumun,

Ucalıb göylərə başı yurdumun,

Qızıldı, yaqutdu daşı yurdumun!!

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev