Süleyman Rüstəm Mircəfər Bağırova qarşı

1408090117məmmədsüleymanov

Uduzmuş Rəhbər… Acınacaqlı səhnədir. Ona qarşı bütün dünənki nökərlər səfərbər olunur. İlk daşı atanlar onun keçmiş məddahlarıdır…

 

 

İosif Stalinin vəfat etdiyi gün – 1953-cü ilin 5 martında Mircəfər Bağırov vəzifədə daha da irəli çəkilərək Sov.İKP MK Rəyasət Heyəti üzvlüyünə namizəd olur. Ancaq cəmi bir ay sonra onun enişi başlayır. Aprelin 6-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin IV plenumunun qərarı ilə o, Birinci Katib vəzifəsindən azad edilib, Azərbaycan SSR Nazirlər Sovetinin sədri təyin olunur.

İyunun 26-da Beriyanın həbsi ilə Bağırovun da karyerasına son qoyulur.

Onu ənənəvi olaraq “Beriyanın adamı” sayırdılar.  Sov.İKP MK-nın Plenumunda (2-7 iyul) Bağırov Beriyanı “buqələmun, partiya və xalqın məkrli düşməni” adlandırsa da, bu sözlər onu xilas etmir. İyulun 7-də o, MK sıralarından çıxarılır.

İşsiz qalan Bağırov 1953-cü ilin oktyabrında Neft Sənayesi nazirliyinə – “Kuybışevneft”ə rəis müavini göndərilir. Oktyabrın 29-da Beriyanın işi üzrə şahid kimi ilk dəfə dindirilir. Sonrakı ilin 13 martında isə partiya sıralarından çıxarılır və həbs olunur.

Azərbaycanın “hər şeyə qadir rəhbər”inin işindən alınmasının vətənində sıravi adamlar arasında hansı təəccüb və gözlənilməzlik effekti yaratdığını təsvir etmək çətindir. Ancaq fakt ondadır ki, Bağırov hələ partiyadan qovulmamış onun əleyhinə rəylər toplanmağa, məktub və teleqramlar göndərilməyə başlayır. Bu, birbaşa Moskvadan gələn direktivə uyğun olaraq həyata keçirilir.

Beləliklə, Azərbaycanın “ziyalı və zəhmətkeşlər”i dünənədək adını qorxu və demonstrativ ehtiramla çəkdikləri vurulmuş liderə qarşı aparılan kampaniyada sanki yarışa girərək bir-birini qabaqlamağa çalışırlar. Burada qeyri-adi heç nə yoxdur, artıq qayda halını almış “yıxılanı tapdala” prinsipi Azərbaycanın sonrakı tarixində də təkrarlanır, bu gün də davam etməyindədir. Həmin “Antibağırov kampaniyası”nın bəzi faktlarına diqqət yetirək…

 

***

Bağırov iyulun 7-də Sov.İKP MK sıralarından çıxarılır. (partiyada sıravi üzv qalmaqda davam etməklə) Artıq avqustun 3-də Sov.İKP MK-da şöbə müdiri olan Qromov partiyanın Baş katibi Xruşşova Azərbaycan partiya təşkilatlarında iyul Plenumunun qərarlarının müzakirəsinə həsr olunmuş hesabat yollayır. Yəni Beriya və Bağırovun fəaliyyətinin pislənməsi üçün bütün Respublika ərazisində tələm-tələsik yığıncaqların keçirilməsi göz qabağındadır. Müzakirələrin nəticəsini fərz etmək də çətin deyil: Yekdilliklə Bağırov pislənilir. Unutmayaq ki, pislənilən adam hələ də partiya üzvü olan, heç bir cinayət məsuliyyətinə cəlb olunmamış şəxsdir.

Azərbaycan Sovet Yazıçıları İttifaqının qapalı keçirilmiş partiya yığıncağında Mircəfər Bağırova qarşı ciddi siyasi ittihamlar irəli sürənlər arasında xüsusi olaraq Əli Vəliyev, M.Davtyan, Mehdi Hüseyn, Sabit Rəhman və Süleyman Rüstəm fərqlənirlər. Onların sözlərinə görə, “Rəhbərliyini partiyaya zidd metodlarla yerinə yetirməklə Bağırov Azərbaycan ədəbiyyatına çox böyük ziyan vurub”. Belə ki, “Mərkəzi Komitənin Bürosunda yazıçılara öz fikirlərini azad şəkildə ifadə etməyə imkan verilməyib, onlar yalnız suallara cavab verməyə məcbur olunublar”.

Bu qələm əhli cəmi bir ay əvvəl Mircəfər Bağırovun şəninə təriflər söyləmək üçün növbə tuturdusa, indi artıq onu ittiham etmək üçün növbəyə yazılmışdılar. Onların sözlərinə görə, bədii əsərlərin keyfiyyətinə və yazıçılara verilən qiymət yalnız Bağırovun subyektiv rəyinə əsaslanırdı. Yazıçı Əli Vəliyev daha uzağa gedərək Bağırovu  “millətçilik”də suçlayır və qeyd edir ki, o, “Sözdə böyük rus xalqı ilə dostluqdan danışdığı halda, daima Azərbaycan yazıçıları ilə SSRİ Yazıçılar İttifaqı və onun rəhbərləri olan Aleksandr Fadeyev və Konstantin Simonov arasında düşmənçilik toxumu səpirdi”.

Yazıçı Mehdi Hüseyn Bağırovu Azərbaycan ədəbiyyatının “müstəbidi və böhtançısı” adlandırır. Onun sözlərinə görə, Moskvada – “Literaturnaya qazeta”da Səməd Vurğunun “Şairin hüququ” yazısı çıxandan sonra Bağırov bir qrup yazıçını onların iradələrinin ziddinə olaraq elə həmin qəzetdə Səməd Vurğuna cavab yazmağa və onu ləkələməyə məcbur edib. Baxmayaraq ki, şairin məqaləsində “sosializm realizmi məsələləri düzgün ifadə olunmuşdu”.  Mehdi Hüseynin sözlərinə görə, eyni böhtan kampaniyası yazıçı Mirzə İbrahimova qarşı da təşkil edilib, “İzvestiya”da onun məqaləsinə qarşı Azərbaycan yazıçılarının bir qrupu Bağırovun təhriki ilə Mirzə İbrahimovun əleyhinə məqalə yazmalı olublar.

Maraqlıdır ki, Bağırovun əleyhinə çıxış edənlər arasında Səməd Vurğunun və Mirzə İbrahimovun adlarına rast gəlmirik. Yəni Bağırovu pisləyənlər bir qayda olaraq dünənə qədər onun göstərişlərini yerinə yetirənlər olublar.

 

***

Bağırovun fəaliyyətini təftiş etmək üçün Bakıya göndərilmiş Sov.İKP MK-nın əməkdaşları Yakovlev və Bortsovun 1953-cü ilin dekabrında hazırladıqları sənəddə də bir çox Azərbaycan kommunistinin sözləri yer alıb. Sənəddən bir hissə ilə tanış olaq: “Bağırovun işdən azad olunması respublikanın zəhmətkeşləri tərəfindən böyük razılıqla qarşılanıb. Sıravi kommunistlər qəzəblə bildirirlər ki, Bağırov əhali arasında kütləvi narazılıq yaratmaq üçün əlindən gələni edib, biz onu çoxdandır kommunist saymırdıq. Onlar bildirirlər ki, 1929-cu ildə Bağırov Azərbaycan Baş Siyasi İdarəsinin (QPU)  rəhbəri olarkən Gədəbəydəki Yaqublu üsyanını yatıran zaman qəddarlığa yol verib. Bağırovun partiya stajı da (1917-ci ilin martından) şübhəlidir.  Partiya üzvləri olan Abramov, İnozemtsev, Skvirski və başqaları iddia edirlər ki, həmin vaxt Bağırov partiya üzvü olmayıb. Arxiv sənədləri də təsdiqləyir ki, bir yerdə Bağırov partiyaya 1917-ci ildə Qubada, digər yerdə isə 1918-ci ilin iyununda Bakıda qəbul olunduğunu göstərib.

Bir çox fəhlə və kolxozçu Bağırovun hazırda harada çalışdığını və hansı cəzaya məruz qaldığını soruşur, onun fəaliyyətini Beriyanın düşmən fəaliyyəti ilə əlaqələndirir, Bağırovun ifşa olunmasında partiyaya köməklik göstərməyə hazır olduqlarını bildirirlər. Hesab edirik ki, Bağırov Azərbaycandakı fəaliyyəti dövründə ciddi cinayətlər törədib və ciddi partiya məsuliyyətinə cəlb olunmalıdır”.

 

***

İş o yerə çatır ki, Bağırovu hətta Cənubi Azərbaycanda inqilabın məğlubiyyətində, Pişəvərinin qətlində ittiham etməyə başlayırlar.

Partiya üzvü P.V.Xentov isə aşağıdakı bəyanatla çıxış edir: “1942-ci ildə İrandan Bakıya iri casus Məmməd Dadaşi tutularaq gətirilir. SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin göstərişi ilə onun istintaq işi Bakıda yox, Moskvada həyata keçirilməliydi. Dadaşi Moskvaya yola salınır, ancaq yarı yolda sirli şəraitdə o, yoxa çıxır. Xentov iddia edir ki, Məmməd Dadaşi keçmiş Bakı milyonçusu Dadaşov vasitəsilə Bağırovla qohum imiş və onu Bağırov qaçırıb.

Yaxud Xentovun daha bir ittihamı: 1937-ci ildə Bağırovun qohumlarından olan Gindin “Vətənə xəyanət” ittihamı ilə həbs olunur. Baxmayaraq ki, onun əleyhinə ifadələr vardı, Gindin azad edilir, onunla bərabər tutulanların isə hamısı məhkum olunur. Minnətdarlıq əlaməti olaraq Gindin Bağırovun ikicildlik bioqrafiyasını yazır. Bağırov da borclu qalmayaraq Gindini əvvəlcə Bakı şəhər partiya komitəsinin katibi təyin edir, sonra isə işləmək üçün Moskvaya göndərir.

 

***

İttihamlar isə get-gedə daha absurd xarakter almaqda davam edir. Bağırovu hətta Beriya ilə birlikdə “erməni-azərbaycanlı qırğınları” törətməkdə suçlayırlar.

Məsələn, Sov.İKP MK işçiləri Şubin və Trofimovun 1953-cü ilin avqustunda Moskva üçün hazırladıqları sənəddə yazılıb: “ Rayon və kolxozları gəzərək biz fəhlə və kolxozçularla söhbətlər etdik. Onlar Beriyanın ifşa olunmasına və Bağırovun vəzifəsindən çıxarılmasına görə Sov.İKP Mərkəzi Komitəsinə ürəkdən minnətdardırlar. Mədrəsə kəndində kolxozçular və Şamaxı rayonunun sovxozunda sovxoz işçiləri bizə 1918-ci ildə baş vermiş ermənilərlə azərbaycanlılar arasındakı qırğını və Şamaxı şəhərinin yandırılmasını xatırladıqlarını dedilər və onların sözlərinə görə, həmin cinayətləri Beriya törədib. O ki qaldı Bağırova, onların sözlərinə görə, o özünü xan kimi aparır və işçiləri danışdırmırdı”.

Bağırova qarşı daha bir ittiham da ermənilərlə bağlıdır:  Guya ki, 1951-ci ildə o, Yemelyanova şəxsən “erməni milli qrupu”nu tapıb ifşa etmək göstərişi verir. Həmin qrupa Azərbaycanın meşə sənayesi nazirinin müavini Yeqiazarov, qida sənayesi naziri Karkaryan, ticarət nazirinin müavini Ağababov və başqaları daxil idi. 1953-cü ilin əvvəlində Kirovabad kənd təsərrüfatı institutunun fəaliyyəti ilə bağlı hesabat dinlənilərkən Bağırov yenidən bu məsələni qaldırır. Onun fikrincə, bu institutdakı 18 laborantdan 14-ünün erməni əsilli olması daşnakların fəaliyyətinin nəticəsidir və 2 ay ərzində Kirovabaddakı millətçi təşkilat ifşa edilməlidir.

 

***

Bağırova qarşı daha bir ittiham şəxsiyyətə pərəstişlə əlaqədardır. Yakovlev və Bortsovun hazırladıqları sənəddə deyilir: “Ətrafındakılar Bağırovu öz böyüklüyünə və səhvsizliyinə inandırır, onu “Azərbaycan xalqının və bütün Yaxın Şərq xalqlarının rəhbəri” adlandırırdılar. Şəhər və kəndlərdə Bağırovun büstləri qoyulur, Cəbrayıl rayonunda isə onun inqilabi fəaliyyətinə həsr olunan muzey fəaliyyət göstərirdi”.

Göründüyü kimi, o, hələ də partiya üzvüdür, barəsində heç bir rəsmi ittiham yoxdur, əleyhinə “xalq ittihamları” isə bütün gücü ilə təşkil olunub…

 

- See more at: http://1937.az/yeni/view/3963#sthash.zVwYBavq.dpuf

Share to Facebook
Share to Odnoklassniki

Şərh yaz

Diqqət!!!
Saytda olan bütün şərhlərə görə rəhbərlik heç bir məsuliyyət daşımır!
Devrinnebzi.com İnformasiya Portalı
Baş redaktor: İlham Hacalı
Bizimlə əlaqə: (055) 540-19-33
info@devrinnebzi.com

Copyright © 2013-2018 | Bütün hüquqlar qorunur! Tərtib etdi: Ə.Rzayev